Rusiya XİN: İrana qarşı sanksiyalarla bağlı qətnamə layihəsi yalnız gərginliyi artırır
- 20 sentyabr, 2025
- 16:07

Rusiya hesab edir ki, Avropa ölkələrinin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının iştirakçıları kimi atdıqları addımlar təxribat xarakteri daşıyır və gərginliyin artmasına gətirib çıxarır.
"Report"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliynin rəsmi bəyanatında bildirilib.
"Bu hərəkətlərin diplomatiya ilə heç bir əlaqəsi yoxdur və yalnız İranın nüvə proqramı ətrafında gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda qeyd olunub.
Rusiya XİN vurğulayıb ki, Rusiya Çin, Əlcəzair və Pakistanla birlikdə İrana qarşı əvvəlki sanksiya qətnamələrinin ləğvi rejiminin qorunmasını qətiyyətlə dəstəkləyib.
Ötən gün BMT Təhlükəsizlik Şurası 2015-ci ildə İrana qarşı ləğv edilmiş sanksiyaların bərpası prosesinin qarşısını almağı nəzərdə tutan qətnamə layihəsini rədd edib.
"Avropa üçlüyü" Tehran hökumətinə üç şərt irəli sürüb: ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirilmiş uran haqqında məlumat təqdim etmək.
Tehrana bu şərtləri yerinə yetirmək üçün 30 günlük müddət verilib.