Rusiyanın Kiyev vilayətinə ballistik raket hücumu: iki nəfər ölüb - YENİLƏNİB-2

Digər ölkələr
  • 22 avqust, 2026
  • 15:15
Rusiyanın Kiyev vilayətinə ballistik raket hücumu: iki nəfər ölüb - YENİLƏNİB-2

Rusiyanın Ukraynanın Kiyev vilayətinin Borispol rayonuna ballistik raket zərbəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.

"Rusiyanın hücumu nəticəsində Borispol rayonunda ölənlərin sayı iki nəfərə çatıb. Həmçinin xəsarət alanların sayı səkkiz nəfərə qədər artıb. Onlardan biri uşaqdır. Yaralılara lazımi tibbi yardım göstərilir", - o qeyd edib.

Rusiya qoşunları avqustun 22-si səhər saatlarında Ukraynanın Kiyev şəhəri və Kiyev vilayəti istiqamətində yenidən ballistik raketlər buraxıb.

"Report" Ukrayna Silahlı Qüvəllərinin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir ki, əvvəlcə Kiyev və Borispola ballistik silahların tətbiqi təhlükəsi barədə elan edilib.

Qeyd olunur ki, bölgədə partlayış səsləri eşidilib.

Daha sonra Hərbi Hava Qüvvələri Çerniqov vilayəti üzərindən Kiyev vilayəti istiqamətində ballistik raketlərin hərəkətini qeydə alıb.

Rusiya qoşunları Kiyevin Darnitsa rayonundakı dəmir yolu müəssisəsinə ballistik zərbə endirib, nəticədə "Ukrzaliznitsya"nın əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Ukrzaliznitsya" SC-nin İdarə Heyətinin sədri Aleksandr Pertsovski "Facebook"da bildirib.

Onun sözlərinə görə, zərbə Darnitsadakı dəmir yolu müəssisələrindən birinə endirilib.

"Bir işçi - briqadir hadisə yerində həlak olub, digərlərini ilk zərbədən sonra operativ şəkildə təxliyə etmək mümkün olub", - Pertsovski qeyd edib.

Bundan başqa, "Ukrzaliznitsya"nın rəhbəri Odessa dəmir yoluna edilən hücum barədə məlumat verib. Onun sözlərinə görə, Odessa vilayətinin Razdelnaya stansiyasında dəmiryol vağzalı zədələnib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, Rusiya qoşunları sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 42 yaşayış məntəqəsinə 539 zərbə endirib. Hücumlar nəticəsində 3 nəfər həlak olub, 19 nəfər, o cümlədən iki uşaq yaralanıb.

"Yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 71 məlumat daxil olub", - o qeyd edib.