Aralıq dənizində hücuma məruz qalan tankerin 30 heyət üzvü xilas edilib - YENİLƏNİB

Digər ölkələr
  • 04 mart, 2026
  • 13:49
Aralıq dənizində hücuma məruz qalan tankerin 30 heyət üzvü xilas edilib - YENİLƏNİB

Aralıq dənizində hücuma məruz qalan qaz tankerinin 30 heyət üzvünün hamısı Rusiya vətəndaşlarıdır.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

"Murmansk limanından bütün beynəlxalq qaydalara uyğun rəsmiləşdirilmiş yüklə hərəkət edən tankerə hücum Liviya sahilindən Ukraynanın pilotsuz qayıqları ilə həyata keçirilib. Malta və Rusiyanın xilasetmə xidmətlərinin birgə köməyi sayəsində 30 heyət üzvünün hamısı xilas edilib", - məlumatda qeyd olunub.

Hücum martın 3-də Maltanın ərazi sularının bilavasitə yaxınlığında baş verib.

Rusiya bayrağı altında mayeləşdirilmiş təbii qaz daşıyan "Arctic Metagaz" tankeri Aralıq dənizində yanıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi dəniz təhlükəsizliyi sahəsindəki mənbələrə istinadən məlumat yayıb.

Malta silahlı qüvvələrinin məlumatına görə, gəminin heyəti Liviyanın axtarış-xilasetmə zonasında xilasetmə qayığında aşkar edilib.

"MarineTraffic" gəmi izləmə platformasının məlumatına əsasən, ABŞ və Böyük Britaniyanın sanksiyaları altında olan tanker sonuncu dəfə bazar ertəsi Malta sahillərində olarkən mövqeyi barədə məlumat ötürüb.