Rumıniyada avtosisternlərdən tonlarla yanacaq oğurlayan şəbəkə ifşa edilib

Digər ölkələr
  • 30 iyun, 2026
  • 10:57
Rumıniyada avtosisternlərdən tonlarla yanacaq oğurlayan şəbəkə ifşa edilib

Buxarestdə (Rumıniya) və bir sıra dairələrdə Nəqliyyat Polisi İdarəsinin və Buxarest Regional Nəqliyyat Polisi İdarəsinin əməkdaşları avtosisternlərdən 10 ton yanacağın oğurlanması işi ilə əlaqədar 37 axtarış aparıb.

"Report" Rumıniya mediasına istinadən xəbər verir ki, bu barədə Rumıniya Baş Polis Müfəttişliyinin (IGPR) məlumatında bildirilib.

"Bu gün Buxarest bələdiyyəsində və Dımbovitsa, İlfov, Praxova, Yalomitsa və Teleorman dairələrindəki evlərdə xidməti vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi, o cümlədən avtosisternlərdən yanacağın davamlı şəkildə oğurlanması, habelə müxtəlif həcmlərdə neft məhsullarının, sürtkü materiallarının mənimsənilməsi ilə bağlı cinayətlərin törədilməsi faktı üzrə istintaqın aparıldığı iş çərçivəsində 37 axtarış aparılıb", - IGPR-in məlumatında qeyd olunub.

İstintaqın məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin iyununadək olan dövrdə polis əməkdaşları iki cinayət işində 35 fiziki və 2 hüquqi şəxsin cinayətkar fəaliyyətini sənədləşdiriblər. Zərər təxminən 10 ton yanacaq təşkil edir.

44 - Tezliklə