Qırğızıstanda kütləvi iğtişaşların hazırlanmasında şübhəli bilinən 10 nəfər saxlanılıb

Digər ölkələr
  • 23 noyabr, 2025
  • 00:43
Qırğızıstanda kütləvi iğtişaşların hazırlanmasında şübhəli bilinən 10 nəfər saxlanılıb

Qırğızıstan Daxili İşlər Nazirliyi parlament seçkilərindən sonra kütləvi iğtişaşlar hazırlayan qrupun fəaliyyətinin qarşısını alıb.

"Report"un məlumatına görə, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkələrdə açıqlama yayıb.

"Qırğızıstan Respublikasının DİN-i seçkilərdən sonra kütləvi iğtişaşlar hazırlayan destruktiv qrupun fəaliyyətinin qarşısını alıb. Onun tərkibinə siyasi xadimlər, sabiq deputatlar, keçmiş dövlət qulluqçuları və güc strukturlarının əməkdaşları daxil olub. Onlar tərəfdarları, o cümlədən OPG və idman birliklərini təxribatlar və güc toqquşmaları üçün cəlb edirdilər", – deyə qurumda bildirilib.

Məlumata görə, seçkilərin nəticələri açıqlanandan sonra ölkənin cənubundan başlayaraq Bişkek və bölgələrdə mitinqlər təşkil etməyi planlaşdıran 10 nəfər saxlanılıb. Onlar kütləvi narazılıq görüntüsü yaratmaq istəyiblər.

"Planlarında antikonstitusion çağırışlar, həmçinin inzibati binaların, telekanalların, güc strukturlarının obyektlərinin, silahların və penitensiar sistem müəssisələrinin ələ keçirilməsi də olub", – mətbuat xidməti qeyd edib.

Axtarışlar zamanı silah, sursat, qumbaralar, rabitə vasitələri, 150 min ABŞ dolları məbləğində pul, iğtişaşların maliyyələşdirilməsinə dair sənədlər, fəaliyyət planları və narkotik vasitələr götürülüb.

Qırğızıstanın birpalatalı parlamentinə növbədənkənar seçkilər 30 noyabr 2025-ci il tarixinə təyin olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti