Qazaxıstan və Özbəkistan Orta Dəhlizlə yükdaşımalarını artırmağı planlaşdırır
- 23 iyul, 2026
- 17:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanla Özbəkistan Aktau və Kurık limanları vasitəsilə yükdaşımaların həcmini artırmaq üçün konkret plan hazırlayacaq.
"Report"un yerli bürosu Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq tapşırığı hər iki ölkənin baş nazirləri - Oljas Bektenov və Abdulla Aripov veriblər.
Hökumət başçıları Aktau Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər, onun infrastrukturu və istehsal gücləri ilə tanış olublar.
Aktau və Kurık limanlarının ümumi ötürücülük qabiliyyəti ildə təxminən 22 milyon ton yük təşkil edir. 2022-2025-ci illərdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə Qazaxıstan limanları vasitəsilə konteyner tranziti 3,8 dəfə artıb.
Ötən il Aktau və Kurık limanları vasitəsilə Özbəkistan yüklərinin emalı həcmi 60 %-dən çox olub.
O.Bektenov bildirib ki, Qazaxıstan Özbəkistanın ixrac yüklərinin tranzitini genişləndirməyə və Mərkəzi Asiya ölkələrinin Qafqaz, Türkiyə və Avropa bazarlarına sürətli çıxışını təmin etməyə hazırdır.
"Qazaxıstan Dəmir Yolu" SC və "Özbəkistan Dəmir Yolları" SC-yə daşımaların həcminin artırılması üzrə birgə plan hazırlamaq tapşırılıb.