Politoloq: “Ramşteyn-8” görüşü Ukraynaya ağır silahların tədarükü ilə bağlı məsələləri həll edəcək”
- 18 yanvar, 2023
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Ramşteyn formatında yanvarın 20-də keçiriləcək səkkizinci görüş, nəhayət, Ukraynaya ağır silahların tədarükü ilə bağlı məsələləri həll edəcək”.
Bunu "Report"a açıqlamasında ukraynalı ekspert, "Strategiya XXI" Qlobal Araşdırmalar Mərkəzinin prezidenti Mixail Qonçar deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda Qərb dövlətlərinin Kiyevi maksimum dəstəkləməkdən başqa çıxış yolu yoxdur.
Politoloq qeyd edib ki, Kreml son aylar elə barbarcasına davranır (mülki infrastruktura hücumlar, əhalinin təxliyə adı altında Ukraynanın işğal olunmuş ərazilərindən deportasiyası, nüvə şantajı və s.) ki, getdikcə Qərb liderlərinin hətta Kremlə zəng etməsi belə mümkünsüz olur.
"Putin rejiminin tam məğlubiyyətə düçar edilməsi alternativi olmayan real məqsəddir. Bunun üçün isə ağır silahlar, uzaqmənzilli vasitələr, zərbə təyyarələri lazımdır", - M.Qonçar fikrini tamamlayıb.
Öz növbəsində hərbi ekspert, istefada olan polkovnik, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Vladislav Seleznyov Ukraynanın “Ramşteyn-8” görüşündən sonra hansı silah növlərinin tədarük edilməsini gözlədiyi barədə danışıb.
"Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukrayna ordusu üçün lazım olan silah və texnikanı dəqiq ifadə edib. Bura 300 tank, 600-700 zirehli döyüş maşını və 500-ə yaxın top daxildir", - Seleznyov bildirib.
Onun sözlərinə görə, tələb olunan böyük həcmdə texnikanı bir dövlətin təmin etməsi mümkün deyil.
Ekspert qərarın kollegial surətdə veriləcəyini qeyd etsə də, bütün lazımi texnikanın vaxtında tədarük ediləcəyinə şübhə etdiyini dilə gətirib: "Mən buna çox şübhə edirəm, çünki Qərb tərəfdaşlarımız tez-tez gecikmiş qərarlar verirlər. Məsələn, dünən ehtiyac duyduğumuzu bizə 1 ay, 2 ay sonra, bəlkə də daha gec təqdim edirlər. Amma texnika və sursat təchizatının artması faktı göz qabağındadır”, - Vladislav Seleznev fikrini tamamlayıb.
Ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Oleq Jdanovun sözlərinə görə, Ukrayna “Ramşteyn” formatında keçiriləcək görüşdə ilk növbədə tankların tədarükü ilə bağlı qərarların qəbul ediləcəyini gözləyir: “İndiyə qədər tərəfdaşlarımız yalnız vədlər verirdilər, indi isə nə vaxt və nə qədər ağır zirehli texnika alacağımızla bağlı konkret qərarlar gözləyirik”.
Ekspert onu da qeyd edib ki, görüşdə 300-500 km mənzilli raketlərin və Qərb tipli təyyarələrin verilməsi barədə qərarların qəbul edilməsi Ukrayna üçün eyni dərəcədə vacib qərarlar ola bilər.