"Politico": Fon der Lyayen AK rəhbəri vəzifəsinə üçüncü müddətə namizəd olmaq niyyətində deyil

Digər ölkələr
  • 17 iyun, 2026
  • 14:18
Politico: Fon der Lyayen AK rəhbəri vəzifəsinə üçüncü müddətə namizəd olmaq niyyətində deyil

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen 2029-cu ildə qurumun rəhbəri vəzifəsinə üçüncü müddətə namizədliyini irəli sürmək niyyətində deyil.

"Report" xəbər verir ki, bu barədə "Politico" iki yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilib ki, onlar yüksək vəzifəli Avropa məmurlarının xüsusi şam yeməyi zamanı AK-nın planlaşdırılan restrukturizasiyasını müzakirə ediblər.

Onların məlumatına görə, fon der Lyayenin administrasiyasının rəhbəri Byorn Zaybert müzakirələr zamanı bildirib ki, AK-nın fəaliyyətdə olan rəhbəri üçüncü müddətə seçilməkdə maraqlı deyil.

AK-dan isə nəşrə bildiriblər ki, Ursula fon der Lyayen "diqqətini tamamilə hazırkı mandata və bu gün Avropanın qarşısında duran əsas çağırışlara cəmləyib".

Qeyd edək ki, Ursula fon der Lyayen 2019-cu il dekabrın 1-dən AK-nın sədridir. 2024-cü ilin yayında o, qurumun sədri vəzifəsinə ikinci müddətə təsdiqlənib. Onun səlahiyyət müddəti 2029-cu ildə başa çatır.

44 filmi