Peter Madyar enerji təhlükəsizliyini yeni hökumətin əsas prioriteti elan edib

Digər ölkələr
  • 15 aprel, 2026
  • 11:59
Peter Madyar enerji təhlükəsizliyini yeni hökumətin əsas prioriteti elan edib

Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar enerji təhlükəsizliyinin təmin edilməsinin yeni hökumətin əsas prioritetlərindən biri olacağını bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bununla əlaqədar siyasətçi Macarıstanın ən böyük neft-qaz şirkəti olan "MOL Group"un rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

Onun sözlərinə görə, enerji resurslarının sabit tədarükü əsas vəzifələrdən biri olaraq qalır. "Hamı ümid edir ki, "Drujba" boru kəməri aprelin sonuna qədər fəaliyyətini bərpa edəcək, lakin hətta bu halda belə strateji ehtiyatların bərpası üçün vaxt lazım olacaq", - "Reuters" agentliyi Madyarın sözlərini sitat gətirib.

O vurğulayıb ki, yaxın həftələrdə həm mövcud hökumət dövründə, həm də yeni administrasiyanın fəaliyyətinin ilk günlərində fasiləsiz tədarükün təmin edilməsi vacibdir.

Öz növbəsində, MOL şirkətində bildiriblər ki, xam neft tədarükü Adriatik boru kəməri daxil olmaqla alternativ marşrutlar hesabına davam edir. Şirkət Liviya, Qazaxıstan, Norveç, Səudiyyə Ərəbistanı və ABŞ-dən olan tərəfdaşlarla da tədarük müqavilələri bağlayıb.

Bununla yanaşı, Dunay neft emalı zavodu oktyabrda baş vermiş yanğından sonra müvəqqəti olaraq azaldılmış güclə işləyir.

Şirkətdə vurğulayıblar ki, Macarıstan daxilində yanacaq tədarükü sabit qalır və fasilələr müşahidə olunmur.