Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib
- 18 noyabr, 2026
- 21:52
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin müharibə naziri Pit Heqset çərşənbə günü Venesuelaya səfər edib və ölkənin müvəqqəti rəhbərliyinin nümayəndələri ilə görüşüb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, sözügedən səfər yanvar ayında Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılmasından sonra Prezident Donald Tramp administrasiyasının respublikada ABŞ-nin nüfuzunu gücləndirmək istiqamətində növbəti addımı olub.
Heqset Karakasdakı prezident sarayında Bolivar Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə danışıqlar aparıb. Pentaqon rəhbərinin səfəri barədə əvvəlcədən ictimaiyyətə məlumat verilməyib.
Rodriqes bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq sazişləri ABŞ-yə Venesuela hərbçilərinin hazırlığını təşkil etməyə, eləcə də onların təchizatının modernləşdirilməsinə və yeni texnologiyalara çıxışına kömək göstərməyə imkan verəcək. Onun sözlərinə görə, belə bir qarşılıqlı fəaliyyət tərəflərə ümumi təhdidlərə qarşı mübarizə aparmağa kömək edəcək.
Heqset hakimiyyət dəyişikliyindən sonra Venesuelaya səfər edən Tramp kabinetinin növbəti nümayəndəsi olub. Daha əvvəl ölkəyə neft hasilatı və kritik əhəmiyyətli mineral yataqlarının işlənməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edən ABŞ-nin daxili işlər və energetika nazirləri gəlmişdilər. Bu il Venesuelanın müvəqqəti rəhbərliyi həmçinin dəfələrlə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının komandanı general Frensis Donovanla da görüşüb.
Avqust ayında Tramp bildirmişdi ki, Heqset ABŞ-nin Venesuelanın neft ehtiyatlarının bir hissəsinə nəzarəti ələ keçirməsini təmin edən genişmiqyaslı sövdələşmənin bağlanmasına kömək edib. Amerika administrasiyası həmçinin Rodriqes hökuməti ilə razılaşmaya əsasən, Karakasa 12 milyard dollardan çox və ya Venesuela neftinin satışından əldə olunan gəlirlərin, demək olar, 99 %-ni qaytardığını bəyan edib.