Pentaqon dronları qlobal miqyasda təhlükə hesab edib
- 17 noyabr, 2025
- 04:00
ABŞ pilotsuz uçuş aparatlarının bəşəriyyət üçün təhlükə yaratdığını qəbul edir.
"Report"un xəbərinə görə, bu barədə ABŞ-ın ordu naziri Daniel Driskoll CBS telekanalının efirində bildirib.
O, ABŞ ordusuna tapşırılan pilotsuz təyyarələrə qarşı müdafiə sistemlərinin inkişaf etdirilməsi vəzifəsinin indiyədək öhdəsinə götürdüyü işlərdən fərqli olduğunu bildirib.
"Bunlar əldəqayırma partlayıcı qurğulardır. Onlar ucuzdur, onları evdə 3D-çap etmək olar və sərhədləri çox asanlıqla keçirlər", - Driskoll qeyd edib.
"Bu, bəşəriyyət üçün təhlükədir" deyən nazir, Rusiya-Ukrayna müharibəsində "dronların yaratdığı məhvetmənin miqyasına və sürətinə" diqqət yetirilməsini təklif edib.
"Biz federal hökumət olaraq bu məsələdə lider mövqe tutmalıyıq (dronlara qarşı mübarizə -Qeyd). Amma mən optimistəm və düzgün iş etdiyimizə inanıram", - deyə nazir bildirib.