Pentaqon dronlara qarşı lazer qurğularının tədarükü üçün ilk müqaviləni imzalayıb
- 08 avqust, 2026
- 01:01
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarına qarşı Locust lazer qurğularının tədarükü üçün Amerikanın texnologiya şirkəti AeroVironment ilə 400 milyon dollar məbləğində ilk müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Pentaqon müasir silahlı münaqişələrdə getdikcə daha çox istifadə olunan pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün əlçatan və effektiv vasitələr axtarır. Meksika sərhədində Locust sistemlərinin sınaqları zamanı baş verən dost atəşi insidentinə baxmayaraq, ABŞ hərbçiləri bu qurğulardan onlarla almaq niyyətindədir.
Yanvar ayında Pentaqon rəhbəri Pit Heqset ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinə Texas ştatının El-Paso şəhərindəki Fort Bliss bazasında istifadə üçün məxfi Locust lazer sisteminin verilməsini təsdiqləyib.
Fevral ayında The Wall Street Journal qəzeti xəbər verib ki, sərhədçilər lazer sisteminin köməyi ilə narkotik alverçilərinin istifadə etdiyi pilotsuz uçuş aparatları zənn edərək bir neçə hava şarını vurublar. Bundan sonra El-Paso və Nyu-Meksiko ştatının cənub hissəsinin böyük bir hissəsi üzərində hava məkanı bağlanıb.