Parisdə Makronun istefası və Fransanın Aİ-dən çıxması tələbi ilə nümayiş keçirilib
- 11 oktyabr, 2025
- 18:34

Parisin mərkəzində Fransa Prezidenti Emmanuel Makronun istefası, ölkənin Avropa İttifaqı və NATO-dan çıxması tələbi ilə nümayiş keçirilib.
"Report" xəbər verir ki, nümayişçilər Fransa paytaxtının 6-cı rayonundakı Monparnas bulvarından Luvr muzeyinə doğru yürüş ediblər.
Etirazçılar "Makron, get!", "Lekornuya səs ver!", "Avropa İttifaqından çıx!" şüarları səsləndiriblər.
"Vətənpərvərlər" partiyasının lideri və mitinqin təşkilatçısı Florian Filippot deyib ki, hazırda hökumətlər qısa müddətə təyin olunur: "Əslində ciddi olan odur ki, kabinet yalnız büdcəni Nazirlər Şurası vasitəsilə ötürmək üçün təyin olunur".
Onun sözlərinə görə, baş verənlərdə demokratiyanın zərrəsi belə yoxdur: "Ölkə tam bərbad vəziyyətdədir. Baş nazirlər bir-birinin ardınca dəyişdirilir". O, prezidentin istefaya getməli olduğu fikrini bildirib.
Patriotların lideri həmçinin Fransanın Aİ və NATO-dan dərhal çıxmasını tələb edib: "Biz NATO-dan, Avropa İttifaqından çıxmalıyıq. Aİ daxilində mövcud olmağa davam etsək, senzura, müharibə və yoxsulluqla üzləşəcəyik".