Parisdə hüquq-mühafizə orqanlarının 500-ə yaxın əməkdaşı etiraz aksiyasına çıxıb

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 16:43
Parisdə hüquq-mühafizə orqanlarının 500-ə yaxın əməkdaşı etiraz aksiyasına çıxıb

Fransanın paytaxtı Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları Yelisey sarayının yaxınlığındakı Daxili İşlər Nazirliyinin binası qarşısında nümayişə çıxıblar.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilib ki, 500-ə qədər polis əməkdaşı Rond-Puen-de-Şam-Elize meydanına toplaşıb, daha sonra isə nazirliyin binasına tərəf gediblər. Onlar davam edən etirazlar fonunda hüquq qaydasının təmin edilməsinə cəlb olunduqlarına görə ödənişlərin artırılmasını tələb edirlər.

Nümayişə polisin iğtişaşlarla mübarizə üzrə xüsusi təyinatlı bölməsinin (CRS) əməkdaşları, cinayət istintaqı şöbəsinin, kəşfiyyat xidmətlərinin, məhkəmə-tibbi ekspertizalarının nümayəndələri çıxıblar.

Daha əvvəl bildirilmişdi ki, CRS 8 bölməsinin mindən çox əməkdaşı bu gün keçiriləcək genişmiqyaslı etiraz aksiyaları zamanı xidmətə cəlb olunmamaq üçün tibbi müayinədən keçmək məqsədilə qeydiyyatdan keçib.