Pakistan sərhəd münaqişəsində Əfqanıstanın 133 hərbçisinin öldüyünü bildirib – YENİLƏNİB-4
- 27 fevral, 2026
- 04:28
Pakistanla sərhəd münaqişəsində Əfqanlstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb.
"Report"un məlumatına görə, İslam Respublikasının informasiya naziri Attaulla Tarar bu barədə "X"də bildirib.
Onun sözlərinə görə, Pakistan Ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-u nəzarət altına alıb. Tanklar, artilleriya və zirehli transportyor da daxil olmaqla 80-dən çox hərbi texnika sıradan çıxarılıb. "Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib və itkilərin sayı arta bilər", - nazir əlavə edib.
Pakistanla sərhəddəki toqquşmalarda Əfqanıstanın azı 72 hərbi qulluqçusu həlak olub, daha 120 nəfər yaralanıb.
"Report"un məlumatına görə, Pakistanın Baş nazirinin rəsmi nümayəndəsi Müşərrəf Zeydi bu barədə "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, cümə günü yerli vaxtla saat 2:00-a olan məlumata görə, Pakistan Ordusu Əfqanıstanın 16 sərhəd postunu məhv edib və daha 7-sini nəzarət altına alıb. Həmçinin tanklar, artilleriya qurğuları və zirehli transportyorlar da daxil olmaqla Əfqanıstanın 36 texnikası sıradan çıxarılıb.
Pakistan silahlı qüvvələrinin Əfqanıstanla sərhəd boyunca cavab əməliyyatları zamanı "Taliban"ın azı 30 döyüşçüsü öldürülüb.
"Report" xəbər verir ki, bu barədə "Geo News" Pakistanın güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Təhlükəsizlik qüvvələri "Qəzəb-lil-haqq" əməliyyatına başlayıb, nəticədə əfqan hərbçilərinin kvadrokopterlər vasitəsilə Pakistanın yoxlama-buraxılış məntəqələrinə hücum cəhdlərinin qarşısı alınıb.
Qeyd olunub ki, toqquşmalar zamanı yüngül və ağır silahlar, artilleriya, pilotsuz uçuş aparatları tətbiq edilib.
Pakistanın hərbi qüvvələri əks-hücum zamanı əfqan hərbçilərini geri çəkilməyə məcbur edib.
"Report" xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Radioyayım Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Əfqanıstan "Taliban"ı Hayber-Paxtunxvada Pakistan-Əfqanıstan sərhədi boyunca bir çox nöqtələrə təhrik edilmədən atəş açıb, buna dərhal və səmərəli cavab verilib", - məlumatda bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Pakistan hərbçiləri "Taliban"ı Çitral, Xeybər, Mohmand, Kurram və Bacaur rayonlarından sıxışdırıb çıxarmağa davam edirlər.
İlkin məlumatlara görə, Əfqanıstan tərəfi ciddi itkilər verib, düşmənin çoxlu sayda postu, döyüşçülərin sığınacaqları və texnikası məhv edilib.
"Pakistan ərazi bütövlüyünün təmin edilməsi, eləcə də vətəndaşlarının təhlükəsizliyi və müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək", - qurumdan bildirilib.
Pakistan və Əfqanıstan Silahlı Qüvvələrinin toqquşmaları altı sərhədyanı əyalətdə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "TOLO News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
İki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışma başlayıb.
Son məlumatlara görə, Pakistanın mövqeləri Nanqarhar vilayətinin Qoşta rayonunda və Kabil tərəfindən tanınmayan ərazidə, iki dövlətin sərhədi - Kunar vilayətinin Dürand xətti yaxınlığında ələ keçirilib.