Özbəkistan Daşkənd Beynəlxalq Maliyyə Mərkəzi yaradır

Digər ölkələr
  • 17 iyun, 2026
  • 10:31
Özbəkistan Daşkənd Beynəlxalq Maliyyə Mərkəzi yaradır
Şavkat Mirziyoyev

Özbəkistanda Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması üzrə işlərə başlanılıb.

"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, iştirakçıları üçün xüsusi hüquqi və vergi rejiminin qüvvədə olacağı mərkəzin hüquqi əsasları konstitusiya qanunu ilə təsbit ediləcək.

"Mərkəz iştirakçıları üçün cəlbedici vergi rejimi yaradılacaq. Mənfəət vergisi, ƏDV, əmlak vergisi və gömrük rüsumları tətbiq edilməyəcək", - Mirziyoyev bildirib.

Prezident qeyd edib ki, mərkəzin ərazisində kapitalın sərbəst hərəkəti və istənilən valyutada hesablaşmaların aparılması imkanı təmin ediləcək.

O, həmçinin bildirib ki, maliyyə mərkəzində müstəqil maliyyə tənzimləyicisi fəaliyyət göstərəcək, birinci mərhələdə güzəştlər 50 il müddətinə qüvvədə olacaq.

Bundan başqa, Daşkənd Beynəlxalq Maliyyə Mərkəzində ingilis hüquq sistemi əsasında fəaliyyət göstərən müstəqil beynəlxalq kommersiya məhkəməsi yaradılacaq.

Mirziyoyev əlavə edib ki, Özbəkistan həmçinin BMT-nin Mediasiya haqqında Sinqapur Konvensiyasına qoşulmaq və investisiya mediasiyası sistemini inkişaf etdirmək niyyətindədir.