ABŞ İrana üzən gəmiyə zərbə endirib - YENİLƏNİB

Digər ölkələr
  • 08 iyun, 2026
  • 21:58
ABŞ İrana üzən gəmiyə zərbə endirib - YENİLƏNİB

ABŞ Silahlı Qüvvələri Oman körfəzində Palau bayrağı altında İrana üzən neft tankerinə hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, zərbə gəminin mövcud blokadanı pozmaq cəhdindən sonra endirilib.

"Palau bayrağı altında üzən "M/T Marivex" tankeri iyunun 8-də beynəlxalq sularla İran limanı istiqamətində hərəkət edirdi. Ekipaj ABŞ qüvvələrinin kursu dəyişmək tələblərinə məhəl qoymadıqdan sonra "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısındakı "Boeing F/A-18E/F Super Hornet" qırıcı təyyarəsi gəminin maşın və sükan bölmələrinə yüksək dəqiqlikli zərbə endirib", - məlumatda bildirilib.

Amerika komandanlığının bəyanatında qeyd olunub ki, aprelin 13-də blokada tətbiq edildiyi vaxtdan bəri ABŞ Silahlı Qüvvələri yeddi gəmini sıradan çıxarıb, tələblərə tabe olan 134 gəminin istiqamətini dəyişdirib, həmçinin humanitar yardım daşıyan 42 gəmini buraxıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oman sahillərində göyərtəsində 24 hindistanlı dənizçinin olduğu "Marivex" neft tankerində yanğın baş verib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Hindistanın federal limanlar və gəmiçilik naziri Opeş Kumar Şarma mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bütün heyət üzvləri təhlükəsizlikdədir. Məlumata görə, Madaqaskar bayrağı altında üzən gəmi yük daşımayıb.

"Hazırda bütün hindistanlı dənizçilər təhlükəsizlikdədir. Biz onların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizi Xarici İşlər Nazirliyi, Hindistan xaricdəki nümayəndəlikləri, Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Nazirliyi ilə əlaqələndiririk", - O.Şarma qeyd edib.

CNN telekanalının məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri gəmiyə zərbə endirib. Ötən ilin dekabrından bu tankerə qarşı İranla əlaqədar sanksiyalar tətbiq edilib. Ekipajın məlumatından aydın olur ki, zərbədən sonra göyərtədə yanğın baş verib, gəmi batmağa başlayıb. Dənizçilər iddia edirlər ki, maşın bölməsinə raket düşüb.