Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələri başa çatıb

Digər ölkələr
  • 02 oktyabr, 2018
  • 06:34
Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələri başa çatıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 73-cü sessiyasında ən uzun çıxış Venesuela Prezidenti Nikolas Maduro tərəfindən edilib. O, düz 48 dəqiqə danışıb. Baş Assambleyanın tribunasından ən qısa çıxışı isə cəmi 5 dəqiqə danışmayan Litva Prezidenti Dale Qribauskayte edib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyasının ümumi müzakirələri başa çatıb.

Baş Assambleyadakı ümumi müzakirələr zamanı hər ölkəyə mövqeyi barədə danışmaq üçün 15 dəqiqə vaxt verilir.

Yeddi gün ərzində BMT tribunasından 77 dövlət başçısı, 5 vitse-prezident, 44 hökumət başçısı, 4 baş nazirin müavini, 54 nazir, 1 nazir müavini və 8 nümayəndə heyəti rəhbəri çıxış edib.

Azərbaycanı bu il ümumi müzakirələrdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Qeyd edək ki, BMT-də keçirilən ümumi müzakirələr tarixində ən uzun çıxış üzrə rekord 1960-cı ildə Baş Assambleyanın plenar iclasında 269 dəqiqə - dörd saatdan çox danışan Kuba inqilabının lideri Fidel Kastroya məxsusdur. Bu baxımdan 1960-cı ildə 140 dəqiqə danışmış Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşyov ikinci, 2009-cu ildə Baş Assambleyanın iclasında 96 dəqiqə çıxış etmiş sabiq Liviya lideri Muəmmər Qəddafi üçüncüdür.

44 filmi