Moskva vilayətində bankda baş verən partlayışda yeniyetmə şübhəli bilinir - YENİLƏNİB
- 07 mart, 2026
- 17:20
İlkin məlumatlara görə, Moskva vilayətinin Putilkovo qəsəbəsindəki VTB bankın şöbəsində partlayışı yeniyetmə törədib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV Moskva vilayətinin prokurorluğuna istinadən məlumat yayıb.
Qurumun məlumatında bildirilib: "16 yaşlı yeniyetmə naməlum şəxslərin telefonla verdiyi göstərişlərə əməl edərək bank şöbəsinə içərisində tez alışan mayelər olan kanistr gətirib, mayeni töküb və yandırıb".
Yerli administrasiyanın məlumatına görə, alov yanğınsöndürən briqadalar gələnədək söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Moskvaətrafı Putilkovo qəsəbəsində bank şöbəsində partlayış baş verib.
"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, naməlum şəxs bankomatı partladıb.
Hadisə yerinə bir neçə xilasetmə xidməti maşını və təcili yardım briqadaları gəlib.
Partlayış nəticəsində ofisin şüşələri və girişi zədələnib. İlkin məlumata görə, xəsarət alan yoxdur.