Merts dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 140 milyard avro kredit təklif edib
- 25 sentyabr, 2025
- 19:06
Almaniya Rusiyanın Avropa İttifaqı (Aİ) ölkələrindəki dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 140 milyard avroya yaxın faizsiz kredit verməyi təklif edib.
"Report" "Financial Times"a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts məlumat verib.
Onun sözlərinə görə, təklif Kiyevə mülkiyyət hüquqlarına müdaxilə etmədən kredit almağa imkan verən mexanizmin yaradılmasını nəzərdə tutur.
"Bu kredit yalnız Rusiya Ukraynaya münaqişə zamanı dəymiş zərəri ödədikdən sonra ödəniləcək. O vaxta qədər, Avropa Şurasının qərarına əsasən, Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq", - Merts qeyd edib.
O əlavə edib ki, oktyabrın 1-də Kopenhagen sammitində bu təşəbbüsü Avropa liderləri ilə müzakirə etmək niyyətindədir. O, sənədin hüquqi cəhətdən rəsmiləşdirilməsi məsələsinin oktyabrın sonunda keçiriləcək Avropa Şurasının iclasına çıxarılmasını da təklif edib.