Mərakeş İspaniya jurnalistlərini Fnidekdən çıxarıb
- 16 avqust, 2026
- 03:22
Mərakeş hakimiyyəti İspaniyanın EFE və TVE media qurumlarının jurnalistlərini İspaniyanın muxtar şəhəri Seuta ilə sərhəddə yerləşən Fnidekdən çıxarıb. Bu addım qarşılıqlılıq prinsipi ilə əsaslandırılıb.
"Report"un Hespress portalına istinadən verdiyi məlumata görə, qərar Mərakeşin 2M telekanalının çəkiliş qrupunun cari hadisələri işıqlandırmaq üçün Seutaya girişinə icazə verilməməsindən sonra cavab tədbiri kimi qəbul edilib.
Mərakeş hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib ki, ispan jurnalistlərin ölkədən çıxarılması mətbuat azadlığına hücum kimi təqdim edilib. Halbuki Mərakeş jurnalistlərinin Seutaya buraxılmaması eyni səviyyədə diqqət və qınaqla qarşılanmayıb.
Onun sözlərinə görə, ispan media qurumları həmkarlarının Fnidekdən çıxarılmasından sonra mətbuat azadlığını müdafiə etsələr də, 2M telekanalının jurnalistlərinə münasibətdə eyni dəstəyi göstərməyiblər.
Nümayəndə vurğulayıb ki, Mərakeş hakimiyyəti baş verənləri İspaniya mediasına qarşı birtərəfli addım deyil, qarşılıqlılıq prinsipi əsasında atılmış tədbir kimi qiymətləndirir.