Mavritaniyada koronavirusa ilk yoluxma halı qeydə alındı
- 14 mart, 2020
- 06:15
Qərbi Afrikanın daha bir ölkəsində koronavirusa ilk yoluxma halı qeydə alınıb.
"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Mavritaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxs martın 9-da ölkənin paytaxtı Nuakşota gəlib və karantinə alınıb. Onun Avropa ölkələrindən birinin vətəndaşı olduğu da vurğulanıb.
Qeyd edək ki, Afrika qitəsində indiyədək Mavritaniyadan başqa, Sudan, Qana, Efiopiya, Keniya, Qabon, Kot di Vuar, Qvineya, Konqo Demokratik Respublikası, Burkina Faso, Misir, Əlcəzair, Nigeriya, Seneqal, Kamerun, Tunis, CAR və Mərakeşdə koronavirus aşkarlanıb. Artıq Tunis, Mərakeş və Liviyada məktəblər bağlanıb.
Bu günədək qitədə 189 yoluxmanın 4-ü ölümlə nəticələnib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 682-yə çatıb. Bunların 72 533 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.