Mara Kossu: Şəhər çağırışlarının həlli üçün kollektiv idarəetmə mexanizmləri lazımdır

Digər ölkələr
  • 22 may, 2026
  • 11:46
Mara Kossu: Şəhər çağırışlarının həlli üçün kollektiv idarəetmə mexanizmləri lazımdır

Müasir şəhər və iqlim çağırışlarının həlli üçün dövlətlərə yeni kollektiv idarəetmə və qurumlararası əməkdaşlıq mexanizmləri lazımdır.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Mara Kossu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdəki videomüraciətində bildirib.

Onun sözlərinə görə, dayanıqlı inkişaf və ərazi planlaşdırılması müxtəlif hakimiyyət səviyyələrinin və institutların birgə fəaliyyətini tələb edən getdikcə daha mürəkkəb vəzifələrə çevrilir.

Kossu qeyd edib ki, ümumi verilənlər bazaları və müqayisə oluna bilən statistika bu gün şəhər inkişafı problemlərinin həlli və iqlim siyasətinin həyata keçirilməsi üçün əsas alətə çevrilir.

Onun sözlərinə görə, ölkələrin hökumətləri və beynəlxalq təşkilatlar məlumatlardan şəhərlər arasında reytinqlərin formalaşdırılması üçün deyil, birgə qərarların işlənib hazırlanması və təcrübə mübadiləsi üçün istifadə etməlidirlər.

"Məlumatlar ərazilər arasında rəqabət üçün deyil, birgə iş üçün lazımdır", - deyə o bildirib.

O, həmçinin bildirib ki, İtaliya OECD və UN-Habitat ilə birlikdə DİM-in (Dayanıqlı İnkişaf Məqsədləri) lokallaşdırılması üzrə qlobal monitorinq sisteminin hazırlanmasında iştirak edir.