Maduro: Ekstremistlər ABŞ səfirliyində terror aktı həyata keçirməyi planlaşdırıblar
- 07 oktyabr, 2025
- 06:46

Venesuela Prezidenti Nikolas Maduro ekstremistlərin Karakasdakı ABŞ səfirliyində partlayıcı qurğu yerləşdirərək təxribat hazırladığını bildirib.
"Report"un məlumatına görə, Maduro bu barədə "Venezolana de Television" telekanalının "Maduro plus ilə" proqramında bəyan edib.
"Ekstremistlər və terror qrupu ABŞ səfirliyində partlayıcı yerləşdirmək, Bolivar hökumətini günahlandırmaq və münaqişəni gərginləşdirmək üçün tipik təxribat planlaşdırırdı", - deyə Maduro qeyd edib.
Venesuela Prezidenti dialoq və sülh üzrə səlahiyyətli şəxs, Venesuela parlamentinin spikeri Xorxe Rodrigesin ABŞ administrasiyasını Karakasdakı ABŞ səfirliyinə hücum planları barədə məlumatlandırdığını xatırladıb. O həmçinin axtarışda olan "terror fəaliyyətində iştirak edən şəxslər" barədə məlumat təqdim edib.
Nikolas Maduro Venesuela hakimiyyətinin ABŞ diplomatik nümayəndəliyinin ərazisi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib.
"Ölkələrimiz arasındakı fikir ayrılıqlarına baxmayaraq, biz beynəlxalq hüquq prinsiplərinə ciddi şəkildə riayət və diplomatik institutlara hörmət edirik", - o bəyan edib.