Madaqaskar Prezidenti: Hakimiyyətin qanunsuz şəkildə ələ keçirilməsinə cəhd göstərilib
- 12 oktyabr, 2025
- 12:08

Madaqaskar Prezidenti Andri Radzuelina hakimiyyətin qanunsuz və zorakılıqla ələ keçirilməsi cəhdindən danışıb.
"Report"un AFP-yə istinadən, bu barədə prezident bəyanat yayıb.
"Respublika Prezidenti ölkəni və beynəlxalq ictimaiyyəti hazırda konstitusiyaya və demokratik prinsiplərə zidd olaraq hakimiyyətin qanunsuz və zorakı şəkildə ələ keçirilməsinə cəhd göstərildiyi barədə məlumatlandırmaq istəyir", - Radzuelina deyib.
Şənbə günü "Jeune Afrique" jurnalı elan edib ki, Madaqaskar ordusunun kadr idarəsi korpusunun nümayişçilərə atəş açmaq əmrlərinə qarşı çıxan hərbçiləri və etirazçı kütləsi 1970-ci illərdən bəri hakimiyyətə qarşı böyük çıxışların təşkil olunduğu Antananarivu şəhərində simvolik əhəmiyyəti olan 13 May meydanına keçə bilib.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda təşkilatçısı "Z Nəsli" hərəkatı olan nümayişlər başlayıb. Əvvəlcə mitinqçilər səhiyyə sisteminin vəziyyətini və Madaqaskarda korrupsiyalaşmanı tənqid edib, daha sonra prezidentin istefasını tələb etməyə başlayıblar.
BMT iğtişaşlar nəticəsində ən azı 22 qurban və 100-dən çox yaralı olduğunu bildirib, lakin ölkə hakimiyyəti bu məlumatı təkzib edib. Sentyabrın 29-da Andri Radzuelina hökuməti istefaya göndərib, lakin aksiyalar dayanmayıb.