Liviyada neft emalı zavoduna daha bir zərbə endirilib - YENİLƏNİB

Digər ölkələr
  • 11 avqust, 2026
  • 03:16
Liviyada neft emalı zavoduna daha bir zərbə endirilib - YENİLƏNİB

Liviyada neft emalı zavoduna yeni dron zərbəsi endirilib.

"Report" bu barədə Liviyanın Milli Neft Korporasiyasına (NOC) istinadən xəbər verir.

Qeyd olunub ki, bu artıq üçüncü belə hadisədir. Şirkətdən bildirilib ki, hücumlar davam edərsə, Direktorlar Şurası fors-major vəziyyət elan edə və neft emalı zavodunun işini tamamilə dayandıra bilər.

Korporasiyadan vurğulanıb ki, sonuncu zərbə nəticəsində ölən və xəsarət alan olmayıb.

Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində neft emalı zavoduna endirilən zərbə nəticəsində yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "Al Marsad" portalı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində yanacaq çəni dağılıb, neft emalı zavodunda yanğın qeydə alınıb.

Hadisənin təfərrüatları qeyd olunmayıb.

Xatırladaq ki, daha əvvəl Əz-Zaviyədəki neft emalı zavodu ərazisində silahlı qruplaşmalar arasında toqquşmalar baş vermiş, nəticədə ən azı dörd nəfər həlak olmuşdu. Tripolidən qərbdə yerləşən Əz-Zaviyə Qərbi Liviyanın əsas mərkəzlərindən biri hesab olunur. Şəhərdə ölkənin ən böyük neft emalı zavodu yerləşir.