Litvanın müstəqilliyinin bərpasının 105-ci ildönümüdür
- 16 fevral, 2023
- 19:57
Fevralın 16-da Litva dövlət müstəqilliyinin bərpa olunmasının 105 illiyini qeyd edir.
"Report" xatırladır ki, 1918-ci il fevralın 16-da Litva Şurasının 20 üzvü Litvanın suveren dövlət elan edilməsi haqqında Müstəqillik Aktını imzalayıblar.
Həmin aktda Litvanın bütün digər xalqlarla dövlətçilik əlaqələrini qopardığı qeyd edilib ki, burada əsasən, rus və alman xalqları nəzərdə tutulub. Çünki XVIII əsrin sonlarından bərpa prosesinə qədər Litva əvvəl Rusiyanın, sonra isə Almaniyanın idarəçiliyində olub. Sözügedən akt 1940-cı ilə, yəni Litva SSRİ-nin tərkibinə qatılanadək qüvvədə qalıb. O, 50 illik fasilədən sonra 1990-cı il martın 11-də Litvanın müstəqilliyini bərpa etməsi ilə yenidən qüvvəyə minib və bugünkü Litva dövlətinin mövcudluğunun əsasını təşkil edir. Elə 1990-cı ildən başlayaraq 16 fevral yenidən Dövlətin Bərpası Günü kimi qeyd edilir. Dünəndən etibarən tarixi Vilnüs şəhəri əlamətdar gün səbəbilə Litva bayraqları ilə bəzədilib.
Səhər saatlarından isə Litva xalqı və paytaxtın əcnəbi qonaqları şəhərin əsas küçələrində axın etməyə və bu gün üçün təşkil edilən bütün tədbirlərin iştirakçısı olmağa başladılar. İctimai nəqliyyatın ödənişsiz olması isə şəhərdə bir balaca izdihamın yaşanmasına səbəb oldu.
Günə ənənəvi olaraq səhər saat 9-da Rasos qəbiristanlığında Müstəqillik Aktını imzalayanların xatirəsi yad edilərək başlandı. Saat 10-da isə Kafedral meydanında toplaşan litvalı tələbə və şagirdlər Litvanın Dövlətçiliyi Yolu boyunca himnlərini səsləndirərək ənənəvi yürüşlərini həyata keçirdilər. Həmçinin yürüş iştirakçıları Rasos qəbiristanlığına qədər gedərək Vətənin azadlığı üçün canlarından keçən qəhrəmanların xatirələrini yad ediblər.
Yürüşdən sonra, təxminən saat 12 radələrində Prezident Sarayının qarşısında, Simonas Daukantas meydanında üç Baltik ölkəsinin-Litva, Latviya və Estoniyanın bayraqlarını qaldırılma mərasimi keçirildi. Mərasimə həyəcan qatan məqam isə NATO döyüş təyyarələrinin səmada dövrə vurmasıydı, bu da NATO-nun Litva xalqına ölkələrinin azadlığını qoruduğu və qoruyacağı mesajı idi.
Litvada dövlətçiliyin bərpası gününün əsas hissəsini anım mərasimlərinin təşkil etdiyini desəm, yəqin ki, yanılmış olmaram. Belə ki, hərbi paraddan, Baltik ölkələrinin müstəqilliyinə diqqət çəkilməsindən sonra növbəti anım mərasimi təxminən günorta saat 2 radələrində Pilies küçəsində yerləşən İmzalayanlar Evinin balkonunda baş tutdu və Müstəqillik Aktını imzalayanlar bir daha yad edildi. Bununla da bərpa gününü səbəbilə təşkil edilən tədbirin birinci hissəsi başa çatdı.
İkinci hissəyə isə Gediminas prospektində simvolik tonqalın yandırılması ilə start verildi. Vilnüsün mərkəzi olan Qədim şəhərin (Old Town) həm sakinləri, həm də ziyarətçiləri bu tonqalın ətrafında toplaşdılar. Ölkə vətəndaşları himlərini və müxtəlif müsiqiləri səsləndirməyə başladılar. Qısa müddətlik olsa da, özümü evimdə Novruzu qeyd edib baharı qarşılayırmış kimi hiss etdim. Əski inancımızda yer alan odun həm də litvalılar üçün xüsusi əhəmiyyət kəsb etməsi qəribə təsir bağışlamaqla bərabər, həm də onların qədim inanclarına xüsusi maraq oyatdı. Soyuq Avropa ölkəsinin mifik qatlarında odla bağlı hansı yanaşmanın yer aldığını bilməsəm də, bu ənənənin onlara həmrəylik qatdığını deyə bilərəm.
Sayad Həsənli