Kuba XİN rəhbəri ABŞ-ı "bütöv bir xalqı boğmağa" çalışmaqda ittiham edib
- 26 avqust, 2026
- 06:18
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Kubaya qarşı ticarət-iqtisadi embarqonu daha bir il uzatmaq qərarı Vaşinqtonun "bütöv bir xalqı boğmaq" istəyini nümayiş etdirir.
"Report"un məlumatına görə, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya "X" sosial şəbəkə hesabında yazıb.
"Qondarma "Düşmənlə ticarət haqqında qanun"un qüvvədə olma müddətinin 2027-ci ilin sentyabrınadək uzadılması sadəcə növbəti inzibati qərar deyil. Bu, Vaşinqtonun bütöv bir xalqı boğmaq siyasətini inadla davam etdirdiyini təsdiqləyir", – deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, bu qərar "ABŞ-ın son illərdə Kubaya qarşı həyata keçirdiyi hücumların ən amansız dövründə" qəbul edilib.
Rodriges vurğulayıb ki, Kuba ABŞ hökumətinin tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə blokadasının daha bir il uzadılmasını qətiyyətlə pisləyir.
Onun sözlərinə görə, Havana bu siyasəti altı onillikdən artıqdır Kuba xalqına qarşı həyata keçirilən soyqırımı kimi qiymətləndirir.