KİV: MKİ Himalay dağlarında plutonium generatorunu itirib
- 15 dekabr, 2025
- 05:57
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 1965-ci ildə Himalay dağlarında plutonium generatorunu (Radioizotop termoelektrik generator - istilik enerjisindən istifadə edən radioizotop əsaslı enerji mənbəyi) itirib.
"Report"un məlumatına görə, bu barədə "The New York Times" (NYT) xəbər yayıb.
Məlumata görə, Amerikanın kəşfiyyat orqanları Çini izləmək üçün avadanlıq quraşdırmağa çalışıblar, lakin radioaktiv generator əldən çıxıb.
Nanda-Devi dağının (7816 m) zirvəsinə casus avadanlıqları quraşdırmaq ideyası Amerika hökuməti rəhbərliyinin ağlına Çin 1964-cü ildə ilk atom bombası sınağını keçirdikdən sonra gəlib.
MKİ tərəfindən seçilmiş ABŞ və Hindistandan təcrübəli alpinistlər Çinin raket sınaqları zamanı radio siqnallarını tutmaq üçün avadanlıqları dağa qaldırmalı idilər. Komandaya alpinist və "National Geographic"in fotoqrafı Barri Bişop rəhbərlik edirdi.
Onlar demək olar ki, zirvəyə çatanda ərazidə fırtına başlayıb. Komanda antenna, kabellər və portativ plutonium-238 generatorunu qoyub xilas olmağa məcbur olub. Missiya uğursuz oldu.
MKİ alpinistləri 1966-cı ildə dağa qayıdanda generator yoxa çıxmışdı. Onun yeri bu günə qədər məlum deyil.
ABŞ və Hindistan hakimiyyəti Qanq çayının radioaktiv çirklənmə riskinə baxmayaraq, hadisəni uzun müddət gizli saxlamışdı. Hadisə ilə bağlı sənədlər yalnız 1978-ci ildə açıqlanıb və bu ilin noyabr ayında Montana ştatının Bozeman şəhərindəki bir qarajda ekspedisiyanın rəhbəri Barri Bişopun arxivi tapılıb. Bu kəşf mövzuya marağı yenidən alovlandırıb, lakin görünür, kəşfiyyat orqanlarını radioaktiv generatorun yerinin sirrini həll etməyə yaxınlaşmayıb.