KİV: ABŞ Tramp və Putinin Budapeştdə planlaşdırılan görüşünü ləğv edib

Digər ölkələr
  • 31 oktyabr, 2025
  • 10:33
KİV: ABŞ Tramp və Putinin Budapeştdə planlaşdırılan görüşünü ləğv edib

Vaşinqton ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Budapeştdə planlaşdırılan görüşünü ləğv edib, çünki Moskva Ukrayna ilə bağlı tələblərində sərt mövqe tutub.

"Report" "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, qərar iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında gərgin telefon danışığından sonra qəbul edilib.

Bu ay keçirilməli olan, lakin təxirə salınan liderlərin görüşündə Rusiya Ukraynanın atəşkəs müqabilində əraziləri güzəştə getməsində israr edib.

Tramp öz növbəsində Kiyevin mövcud cəbhə xətlərində dərhal atəşkəs çağırışını dəstəkləyib.

Görüşün razılaşdırılmasından bir neçə gün sonra Rusiya XİN Vaşinqtona memorandum göndərib və əvvəlki tələblərini - Ukraynanın ərazi güzəştləri, silahlı qüvvələrinin azaldılması və ölkənin NATO-ya üzv olmayacağına dair təminatları təsdiqləyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio arasındakı danışıqdan sonra Vaşinqton tərəfi sammiti ləğv edib. "Financial Times"ın məlumatına görə, Rubio Trampa Moskvanın danışıqlara hazır olmadığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti