Kaya Kallas: Kreml Ukrayna ilə danışıqlara yalnız uduzacağı halda başlayacaq
- 20 oktyabr, 2025
- 18:24

Ukrayna ilə bağlı vəziyyət dəyişməyib, Kiyev fevral ayından atəşkəsə hazırdır. Lakin Moskva müharibədə uduzmayana qədər real danışıqlara başlamayacaq.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa İttifaqı ölkələrinin Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
Onun sözlərinə görə, sülh müqabilində Ukrayna ərazilərinin Rusiyaya güzəşt edilməsi məsələnin həlli deyil:
"Tarixin dəfələrlə göstərdiyi kimi bu, Rusiya tərəfindən yeni oxşar vəziyyətlərə və yeni tələblərə gətirib çıxaracaq. Düşünürəm ki, biz Rusiyanın gücünü şişirdirik və özümüzünkünü az qiymətləndiririk. Bundan əlavə, beynəlxalq hüquq sabah başqalarının da qeyri-qanuni tələblər irəli sürməməsi üçün vacibdir".