Kanada Aİ-nin SAFE müdafiə proqramında ilk qeyri-Avropa ölkəsi olub
- 15 iyun, 2026
- 14:48
Avropa İttifaqı (Aİ) Şurası Kanada şirkətlərinin və məhsullarının "Security Action for Europe" (SAFE) proqramı çərçivəsində satınalmalarda iştirakına dair Kanada ilə sazişi rəsmən təsdiqləyib.
Bu barədə "Report"un Avropa bürosu Aİ Şurasına istinadən xəbər verir.
Kanada bu mexanizmə qoşulan ilk qeyri-Avropa ölkəsi olub.
Saziş Aİ və Kanada arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Kiprin müdafiə naziri Vasilis Palmasın sözlərinə görə, Kanadanın SAFE-də iştirakı tərəflər arasında yüksək etimad səviyyəsini nümayiş etdirir və Aİ-nin əsas strateji tərəfdaşlarla qarşılıqlı fəaliyyəti üçün mühüm presedent yaradır.
SAFE-in məqsədi istehsal gücünü artırmaq, silah tədarükünü sürətləndirmək və müdafiə imkanlarındakı mövcud çatışmazlıqları azaltmaqdır.
Aİ ölkələrindən başqa, bu mexanizmdə Ukrayna, Avropa Azad Ticarət Assosiasiyası və Avropa İqtisadi Zonası dövlətləri, həmçinin namizəd ölkələr və təhlükəsizlik və müdafiə sahəsində sazişlər üzrə Aİ-nin tərəfdaşları iştirak edə bilər.