Ayzenkot və Qolan koalisiya sazişinin imzalanması barədə razılıq əldə ediblər

Digər ölkələr
  • 26 noyabr, 2026
  • 22:12
Ayzenkot və Qolan koalisiya sazişinin imzalanması barədə razılıq əldə ediblər

Qadi Ayzenkotun rəhbərlik etdiyi İsrailin "Yaşar!" Partiyası və Yair Qolanın Demokratik Partiyası yeni hökumətin formalaşdırılması yolunda növbəti addım olan koalisiya sazişi imzalayıb.

"Report" İsrail mediasına istinadən xəbər verir ki, partiyalar arasında danışıqlar nazir portfellərinin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqlarına görə çərşənbə axşamı dayandırılmışdı.

Əldə olunmuş razılaşmaya əsasən, demokratların nümayəndələri dörd nazir portfeli, o cümlədən hazırda ifrat sağçı siyasətçi İtamar Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyini əldə edəcəklər.

Daha əvvəl Ayzenkot Aviqdor Libermanın partiyası ilə analoji saziş bağlamışdı. Lakin müxalifət bloku hələ ki parlament çoxluğundan uzaqdır: Knessetdə tələb olunan 61 yer müqabilində bloka daxil olan qüvvələrin ümumilikdə 36 yeri var.

Əlavə çətinliklər ərəb partiyaları ilə mümkün əməkdaşlıq və Benyamin Netanyahunun partiyasının iştirakı ilə milli birlik hökumətinin yaradılması ətrafında yaranan fikir ayrılıqları ilə bağlıdır.

Liberman Netanyahu ilə razılaşmanın əleyhinə çıxış edərək onun danışıqları uzada biləcəyini və yeni seçkilərin keçirilməsinə nail ola biləcəyini düşünür. Keçmiş baş nazir Naftali Bennet isə əksinə, ərəb və ultra-ortodoks partiyaları kənarda saxlamaqla Ayzenkot və Netanyahunun rəhbərliyi ilə milli birlik hökuməti yaratmağı təklif edir.

Ayzenkotun hökuməti formalaşdırmaq üçün dekabrın 6-dək vaxtı var. Zərurət yaranarsa, o, prezident İsxak Hersoqdan müddətin daha iki həftə uzadılmasını xahiş edə bilər.

44 filmi