Kallas Aİ-nin layihələrində Avropa Müdafiə Agentliyinin rolunun artmasını dəstəkləyib

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 03:15
Kallas Aİ-nin layihələrində Avropa Müdafiə Agentliyinin rolunun artmasını dəstəkləyib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Müdafiə Agentliyinin ("The European Defence Agency" - EDA) Aİ ölkələri və tərəfdaşlarının birgə layihələrinin həyata keçirilməsi, xüsusən hərbi sənaye sahəsində rolunun gücləndirilməsi ideyasını dəstəkləyib.

"Report"un Avropa bürosunun məlumatına görə, Kallas bu barədə Avropa dövlətlərinin müdafiə nazirlərinin Brüsseldə onun sədrliyi ilə keçirilən iclasından sonra bildirib.

Onun sözlərinə görə, EDA sənaye sahəsində birgə layihələr və qarşılıqlı fəaliyyət üçün platforma olmalıdır.

Kallas həmçinin kollektiv müdafiəni gücləndirmək üçün xüsusi məqsəd və layihələr də daxil olmaqla Aİ-nin 2030-cu ilə qədər müdafiə hazırlığı yol xəritəsinin hazırlanmasını qeyd edib. Kallas pilotsuz uçuş aparatlarına qarşı ümumavropa sisteminin yaradılmasını prioritet olaraq təyin edib, hücumların həm qurudan, dənizdən, həm də havadan edilə biləcəyini, bununla da yalnız Aİ-nin şərq cinahına deyil, həm də cənub ölkələrinə təhlükə yaratdığını vurğulayıb.

O əlavə edib ki, müdafiə sənayesində innovasiyaları tətbiq edən Ukraynanın təcrübəsi Avropa üçün çox ibrətamizdir ki, bu da satınalmaların dəyərini və vaxtını azaltmağa imkan verir.

Kallas həmçinin qeyd edib ki, Aİ-nin pilotsuz müdafiə təşəbbüsü NATO-nun işini təkrarlamır, onu tamamlayır: "Hərbi planları NATO təmsil edir, satınalma və icra isə üzv ölkələrin məsuliyyətidir. Bizim vəzifəmiz onlara birgə potensialın artırılması məqsədlərini yerinə yetirməyə kömək etməkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti