İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
- 21 avqust, 2026
- 02:39
Yeniliklərdən dərhal xəbərdar olun!
İraq hər gün ölkənin cənubunda, Fars körfəzi sahilində yerləşən limanlar vasitəsilə 2-2,1 milyon barel neft ixrac edir.
"Report"un "Baghdad Today" xəbər portalına istinadən verdiyi məlumata görə, bunu İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim ər-Rikabi bildirib.
Onun sözlərinə görə, daha 150 min barelədək neft Aralıq dənizi sahilində yerləşən Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxarılır.
Ər-Rikabi qeyd edib ki, Ceyhan istiqamətində neft ixracının həcmi artmaqda davam edir. Nazirlik Türkiyənin Ceyhan limanına gedən neft kəmərinin ötürücülük qabiliyyətini sutkada 750 min barelə çatdırmağı planlaşdırır.
Bundan əlavə, İraq hökuməti ölkənin ixrac imkanlarını genişləndirmək məqsədilə yeni neft kəmərlərinin tikintisi üzrə planlar hazırlayır.