Heqset: ABŞ-Çin münasibətləri heç vaxt indiki kimi yaxşı olmayıb
- 02 noyabr, 2025
- 03:56
Pentaqon rəhbəri Pit Heqset Çinin müdafiə naziri Dun Tsyunla son təması zamanı iki ölkə arasında sülh, sabitlik və yaxşı ikitərəfli münasibətlərin qorunmasına sadiqliklərini ifadə ediblər.
"Report"un məlumatına görə, bu barədə Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.
"Mən indicə ABŞ prezidenti Donald Trampla danışdım və biz razılaşdıq ki, ABŞ və Çin arasında münasibətlər həmişəkindən daha yaxşıdır. Prezident Trampın Cənubi Koreyada Çin lideri Si Cinpinlə tarixi görüşündən sonra Malayziyada həmkarım, Çinin müdafiə naziri admiral Dun Tsyun ilə eyni dərəcədə müsbət görüş keçirdim. Dünən axşam yenə danışdıq. Admiral və mən razılaşırıq ki, iki böyük və qüdrətli dövlət üçün ən yaxşı yol sülh və sabitliyə can atmaq, yaxşı münasibətləri qorumaqdır" - deyə o bildirib.
Heqset qeyd edib ki, o, Trampla iki lider arasında keçirilən görüşün ABŞ və Çin üçün davamlı sülh və müvəffəqiyyət tonunu təyin etməsi ilə razılaşır.
Nazirin sözlərinə görə, Pentaqon da sülhü güc mövqeyindən təmin etmək, qarşılıqlı hörmət və müsbət münasibətləri qoruyub saxlamaq üçün oxşar şəkildə hərəkət edəcək.
Pentaqon rəhbəri bildirib ki, o çinli həmkarı ilə hər hansı problem yaranarsa, münaqişələrdən qaçmaq və gərginliyi azaltmaq üçün hərbçilər arasında əlaqə kanallarının olması barədə razılığa gəliblər.