Fransada bu gün keçiriləcək aksiyalarda 400 min nəfərin iştirakı gözlənilir
- 02 oktyabr, 2025
- 02:57

Fransa Daxili İşlər Nazirliyi həmkarlar ittifaqları tərəfindən 2 oktyabrda təşkil ediləcək mitinqlər və etiraz yürüşlərində iştirakın 18 sentyabrda keçirilmiş ümummilli nümayiş və tətil gününə nisbətən azalacağını gözləyir.
"Report" bu barədə "Le Figaro" qəzetinə istinadən xəbər verir.
Bildirilib ki, hakimiyyət bu dəfə etirazçıların sayının 400 min nəfəri keçməyəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, sentyabrın ortalarında keçirilən digər aksiyalarda rəsmi mənbələr 500 min nəfərin iştirak etdiyini açıqlasalar da, həmkarlar ittifaqları bu sayın 1 milyon olduğunu bildirmişdi.
Etirazların qarşısının alınması üçün 80 mindən çox təhlükəsizlik qüvvəsi əməkdaşı cəlb edilmişdi.
Həmkarlar ittifaqları hökumətdən əvvəlki hakimiyyətin təklif etdiyi büdcə layihəsindən və pensiya, sosial ödənişlər və dövlət sektorundakı maaşların bir il müddətinə dondurulması planlarından imtina etməsini tələb edirlər. Onlar həmçinin 3 min dövlət qulluqçusunun ixtisarı, işsizlik ödənişləri sisteminin islahatı və pensiya yaşının 64-ə qaldırılmasına qarşı çıxırlar.