“Foreign Affairs”: “ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır”

Digər ölkələr
  • 18 noyabr, 2023
  • 21:16
“Foreign Affairs”: “ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır”

“Həm ABŞ-da, həm də Avropada Ukraynaya hərbi və iqtisadi dəstək sahəsində siyasi iradə azalmağa başlayıb. Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diktə edir”.

“Report”un məlumatına görə, bu barədə “Foreign Affairs”in məqaləsində deyilir.

Qeyd olunub ki, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üçün məsləhətləşmələrə başlamalıdır. Belə ki, Ukraynanın yüksək səviyyədə əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib:

“Ümumilikdə, tərəflərdən heç biri ciddi irəliləyiş əldə etməyib. Ukrayna və Rusiya qüvvələri faktiki olaraq çıxılmaz vəziyyətə düşüb. Qərb üçün seçimlərdən biri eyni şeyi etməyə davam etmək, Ukraynanı çoxlu silahla təmin etməkdir. Bəlkə, Kiyev qüvvələri sonda Rusiyanı məğlub edə bilsin.

Kiyev və onun tərəfdarları üçün dalana aparan və tezliklə Qərbin Ukraynaya dəstəyinin kəskin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Vaşinqton Ukrayna və Qərb müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçməklə atəşkəs təklif etməyə inandırmaq məqsədi ilə məsləhətləşmələrin başlanmasına rəhbərlik etməlidir”.

Vurğulanıb ki, Qərb tərəfdarları arasında Ukrayna ilə bağlı yorğunluq onların Kiyevi dəstəkləməyə davam etmək istəyinə təsir göstərməyə başlayır. Birləşmiş Ştatlar Qərbin Ukraynaya yardımında mərkəzi rol oynamağa davam edir, lakin Respublikaçılar Partiyası daxilində əhəmiyyətli miqdarda əlavə yardımın göstərilməsinə qarşı artan müxalifət var ki, bu da Bayden administrasiyasının yeni vəsait tələblərinə indiyədək mane olub:

“ABŞ-ın Ukraynaya dəstəyindəki dalğalanmalar, eyni zamanda, Aİ üzvlərindən birinin (Slovakiya) artıq Kiyevə hərbi yardımı dayandırmaq qərarına gəldiyi Avropada dalğalanmaları artıracaq. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və onun ardınca Qəzzada baş verən münaqişə də dünyanın diqqətini cəlb edərək, Ukraynadakı müharibəni arxa plana keçirdi. Söhbət təkcə Vaşinqtonun diqqətini yayındırmasında deyil: ABŞ ordusunun yalnız məhdud resursları var, ölkənin müdafiə sənayesi bazası isə həddindən artıq məhdud istehsal gücünə malikdir. ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır”.

Bildirilib ki, Ukraynanın yaşaması uğrunda mübarizə kimi başlayan qarşıdurma artıq seçim müharibəsinə çevrilib:

“Ukrayna zamanla Qərb dəstəyini itirmək riski ilə üzləşən ölkədir. Kiyev hələ də Rusiyanın nəzarətində olan əraziləri geri almaq üçün ölkənin gələcəyini riskə atmaqdansa, digər torpaqların əksər hissəsinin firavan və təhlükəsiz demokratiyaya çevrilməsini təmin etməlidir. ABŞ seçkilərinə hələ bir il qalır və bu, Ukraynanı məğlub vəziyyətə gətirib çıxara bilər. Nə Vaşinqton, nə də Kiyev belə riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir”.