Fon der Lyayen: Aİ və Türkiyə müdafiə sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir
- 07 iyul, 2026
- 16:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə NATO-nun əsas üzvlərindən biri olaraq qalır və müdafiə sahəsində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlara malikdir, çünki Aİ öz hərbi imkanlarının gücləndirilməsinə investisiyaları artırır.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen alyansın sammiti çərçivəsində Ankarada keçirilən müdafiə sənayesi forumunda NATO-nun Baş katibi Mark Rütte ilə birgə paneldə bildirib.
Onun sözlərinə görə, Türkiyə NATO tərkibində ən böyük ordulardan birinə sahibdir: "Həmişə alyansda, eləcə də Avropa İttifaqı ilə münasibətlərdə mühüm rol oynayıb".
Fon der Lyayen qeyd edib ki, Türkiyə həcmi 150 milyard avro olan və vəsaitlərinin təxminən 35 %-i tərəfdaş ölkələr, o cümlədən Ankara ilə əməkdaşlıq üçün nəzərdə tutulan Avropanın SAFE proqramı çərçivəsindəki birgə layihələrdə iştirak edə bilər.
"Sıx əməkdaşlıq üçün əhəmiyyətli potensial mövcuddur", - fon der Lyayen bildirib.
O əlavə edib ki, Aİ üçün müdafiə potensialının inkişafını NATO-nun məqsədləri ilə tam şəkildə əlaqələndirmək prinsipial olaraq vacibdir.
Avropa Komissiyasının prezidenti qeyd edib ki, 2030-cu ilə qədər 800 milyard avroyadək vəsaitin səfərbər edilməsi planı çərçivəsində Aİ-nin müdafiə xərclərinin əsas hissəsinin bölüşdürülməsi ilə bağlı qərarları üzv dövlətlər qəbul edəcəklər. Bununla belə, onun sözlərinə görə, bu cür qərarlar NATO-nun müdafiə planlaşdırması prosesi nəzərə alınmaqla qəbul edilməlidir.
Ursula fon der Lyayen, həmçinin müdafiə texnologiyaları və innovasiyalar sahəsində Aİ-nin Ukrayna ilə əməkdaşlığının genişləndirilməsinə də diqqət ayırıb.