Fələstin parlamentinin spikeri ABŞ-ni Qəzza ilə bağlı qətnaməyə veto qoyduğu üçün qınayıb

Digər ölkələr
  • 05 iyun, 2025
  • 18:50
Fələstin parlamentinin spikeri ABŞ-ni Qəzza ilə bağlı qətnaməyə veto qoyduğu üçün qınayıb

Fələstin Milli Şurasının (parlamentinin) sədri Ruhi Fattuh BMT Təhlükəsizlik Şurasının (TŞ) Qəzza zolağında atəşin dərhal dayandırılmasını tələb edən qətnamə layihəsinə ABŞ-nin veto qoymasını qınayıb.

“Report” xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.

"Veto qoyulması ABŞ-nin beynəlxalq ictimaiyyətə qarşı çıxmasını və hər gün mülki şəxsləri öldürməsinə baxmayaraq, işğalçıya (İsrailə - red.) açıq-aşkar dəstəyini əks etdirir", - parlamentin spikeri bildirib.

"ABŞ hakimiyyəti soyqırımı, etnik təmizləmə və zorla köçürmə siyasəti yürüdən qurumu (İsrail Dövləti nəzərdə tutulur - red.) dəstəkləməyi və eyni zamanda minlərlə uşağın öldüyü və aclıq çəkdiyi bir vəziyyətdə susmağı qərara alıb", - Fattuh vurğulayıb.

Onun sözlərinə görə, ABŞ belə bir mövqe tutmaqla cinayətlərin birbaşa "iştirakçısına" çevrilir və Qəzza zolağında davam edən humanitar fəlakətə görə siyasi və mənəvi məsuliyyət daşıyır.