"Flydubai" aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb - YENİLƏNİB-4

Digər ölkələr
  • 30 sentyabr, 2026
  • 15:07
Flydubai aviaşirkəti göyərtəsindəki insidentdən sonra İsrailə uçuşları dayandırıb - YENİLƏNİB-4

"Flydubai" aviaşirkəti Dubaydan Təl-Əvivə gedən təyyarənin göyərtəsindəki insidentin araşdırılması başa çatanadək İsrailə uçuşları dayandırıb.

Bu barədə "Report" İsrail mediasına istinadən xəbər verir.

Bildirilib ki, İsrail hakimiyyəti baş verənləri mümkün terror aktı kimi nəzərdən keçirir. Hazırda sərnişinlərin tezliklə ölkəyə qaytarılması üçün tədbirlər görülür. İsrailə qayıtdıqdan sonra sərnişinlər təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən əlavə yoxlamadan keçə bilərlər.

Dəqiqləşdirilmiş məlumata görə, pilotlardan biri Hindistan, ikincisi isə Oman əsillidir. Pilotlar, əvvəlcə ehtimal edildiyi kimi, Rusiya və Ukrayna vətəndaşları deyillər.

İordaniyanın hava məkanına daxil olduqdan qısa müddət sonra Omandan olan ikinci pilot Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan pilota bıçaqla xəsarət yetirib və təyyarənin idarəetməsini zorla ələ keçirməyə cəhd edib. Onun motivləri hələ də məlum deyil.

Xüsusilə də, onun ikili vətəndaşlığa malik olması versiyası nəzərdən keçirilir. Bəzi mənbələr həmçinin bildiriblər ki, omanlı pilot "Flydubai"da bir ildən az müddətdir ki, işləyir. Səudiyyə Ərəbistanından daxil olan məlumatlara görə, hər iki pilot xəstəxanaya yerləşdirilib.

Təyyarənin göyərtəsində olan digər iki pilot, Cənubi Afrika və Yeni Zelandiya vətəndaşları, təyyarəni Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tabuk hava limanına təhlükəsiz şəkildə endirməyə kömək ediblər.

İsrailin nəqliyyat naziri Miri Regev Mülki Aviasiya İdarəsinə "Flydubai" şirkətinin İsrailə uçuşları tənzimləyən aviasiya sazişlərinə əməl edib-etmədiyini yoxlamağı tapşırıb.

Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsinin pilotlarından biri, ilkin məlumatlara görə, hava gəmisini qəzaya uğratmağa cəhd edib.

"Report" İsrail mediasına istinadən xəbər verir ki, pilotun hərəkətlərinin motivləri hələlik müəyyən edilməyib, lakin ikinci pilot sərnişinlərin köməyi ilə faciənin qarşısını ala bilib.

Sərnişinlər öz növbəsində bildiriblər ki, pilot kabinəsindən qışqırıq səsləri eşidilib, bundan sonra digər ekipaj üzvləri müdaxilə etmək məcburiyyətində qalıblar. Bəziləri pilot kabinəsində qan gördüklərini bildirirlər.

Başqa bir versiyaya görə, pilotlardan biri bıçaq zərbəsi alıb. Sərnişinlər ekipajla birlikdə davaya müdaxilə ediblər və onu dayandırıblar. Bundan sonra təyyarə təcili eniş edib.

Dubaydan Təl-Əvivə reys həyata keçirən "Flydubai" təyyarəsinin pilotları Rusiya və Ukrayna əsillidirlər.

"Report" xəbər verir ki, bu barədə "Channel 12" telekanalı məlumat yayıb.

Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanında təcili eniş edib.

Kabinədəki davadan sonra onları hava gəmisindən çıxarıblar.

Təyyarənin ehtimal edilən ələ keçirilməsi barədə məlumatlardan sonra qərargah rəisi Hərbi Hava Qüvvələri komandanının, əməliyyat idarəsi rəhbərinin, hərbi kəşfiyyat rəhbərinin və digər komandirlərin iştirakı ilə vəziyyətin qiymətləndirilməsini aparıb.

Öz növbəsində "FlyDubai" aviaşirkətindən bildirilib ki, kabinədə dava salan pilotların bu cür davranışına təəccübləniblər. Aviaşirkət 174 sərnişini götürmək və onların İsrailə yollanması üçün Dubaydan Səudiyyə Ərəbistanına daha bir təyyarə göndərəcək.

Məlumatlara görə, pilotlardan biri Rusiya (ekipaj komandiri), digəri isə Ukrayna əsillidir (ikinci pilot).

"Pilotlar elə uçuş zamanı əlbəyaxa olublar və onlardan biri huşunu itirib, bundan sonra isə təhlükəsizlik kodu işə salınıb", – İsrail KİV-ləri yazıb.

Daha əvvəl ələ keçirilməsi barədə siqnal verən "Flydubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Səudiyyə Ərəbistanında eniş edib.

"Report" bu barədə "Ynet"ə istinadən xəbər verir.

Dubaydan Ben-Qurion hava limanına uçan təyyarənin göyərtəsində 180 sərnişin olub. Onlardan 100-ü İsrail vətəndaşıdır.

Nəşr qeyd edir ki, hava gəmisinin ələ keçirilməsi kodu iki pilot arasındakı münaqişədən sonra aktivləşdirilib. Münaqişənin səbəbləri hələ ki açıqlanmayıb. Lakin son məlumatlara görə, təyyarə Səudiyyə Ərəbistanında uğurla eniş edib.

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi hava gəmisinin ələ keçirildiyi barədə siqnal verib.

Bu barədə "Report" "Ynet"ə istinadən xəbər verir.

Məlumata görə, göyərtədə 27-si uşaq olmaqla 174 sərnişin olub.

Siqnal təyyarə İordaniyanın hava məkanına daxil olduqdan sonra verilib. Hava gəmisindən əvvəlcə beynəlxalq qəza vəziyyəti siqnalı olan 7700 kodu, daha sonra isə təyyarənin ələ keçirilməsini bildirmək üçün istifadə olunan 7500 kodu ötürülüb.

Bundan sonra təyyarə geri dönərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb və uçuş hündürlüyünü azaldıb. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.

Təyyarə saat 07:05-də Dubaydan yola düşüb və təxminən saat 09:30-da Ben-Qurion hava limanına eniş etməli idi. Təxminən saat yarımlıq uçuşdan sonra hava gəmisi Səudiyyə Ərəbistanı ərazisi üzərində istiqamətini dəyişməyə başlayıb və daha aşağı hündürlükdə hərəkətini davam etdirib.

Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri təhlükəsizlik məsələləri üzrə təcili müşavirə çağırıblar.

Bununla yanaşı, təhlükəsizlik xidmətinin nümayəndəsi vurğulayıb: "Təyyarənin ələ keçirilməsi barədə mötəbər məlumat yoxdur, pilot həyəcan siqnalını aktivləşdirib".