Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

Digər ölkələr
  • 08 aprel, 2026
  • 17:03
Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

ABŞ və İsrail fevralın 28-dən aprelin 8-dək İrandakı obyektlərə 13 mindən çox zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, İranın silah zavodlarının 90 %-i məhv edilib.

"İranın ballistik raketlərin quraşdırılması üzrə 450-dən çox obyekti və ölkənin bütün raket obyektlərinin 80 %-i məhv edilib", - Keyn əlavə edib.

Bununla yanaşı, Keyn qeyd edib ki, zərbə nəticəsində İranın nüvə-sənaye kompleksinin demək olar ki, 80 %-i zərər görüb.

Onun sözlərinə görə, İran döyüş əməliyyatlarını bərpa edərsə, ABŞ müvafiq tədbirlər görəcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Yaranmış vəziyyətlə əlaqədar regionun bir sıra dövlətləri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.