Özbəkistan Azərbaycanla dini və mənəvi əməkdaşlığı genişləndirmək niyyətindədir
- 26 oktyabr, 2026
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan Müsəlmanları İdarəsi Azərbaycanın dini qurumları və ilahiyyatçıları ilə dini və mənəvi əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Müsəlmanları İdarəsinin sədr müavini Xomidjon İşmatbekov Bakıda Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin təqdimatı çərçivəsində keçirilən beynəlxalq elmi konfransda bildirib.
"Bu gün Özbəkistan və Azərbaycan arasındakı münasibətlər Mərkəzi Asiya və Qafqaz regionlarında əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Tarixi yaxınlığımız, ortaq mədəniyyətimiz, mənəvi dəyərlərimiz və vahid mədəni məkana mənsub olmağımız dövlətlərimizi və xalqlarımızı bir-birinə yaxınlaşdırır", - o deyib.
O, həmçinin iki xalqın mənəvi ənənələrinin əsrlər boyu davam edən ortaq kökləri barədə vurğulayıb.
"Məhz burada biz Özbəkistan və Azərbaycanın qardaş xalqlarını birləşdirən möhkəm mənəvi bağları görürük. Əhməd Yasəvi, Bəhauddin Nəqşbənd və xəlvəti təriqətinin böyük nümayəndəsi Seyyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsi əsrlər boyu türk xalqları arasında dini və mənəvi münasibətlərin nə qədər möhkəm olduğunu aydın şəkildə nümayiş etdirir", - o qeyd edib.
İşmatbekovun sözlərinə görə, böyük mütəfəkkirlərin mənəvi təkmilləşmə, humanizm və əxlaqi prinsiplər haqqında ideyaları bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.