Delsi Rodriqes Venesuelanın ABŞ dollarından istifadəsinə qarşı çıxıb
- 09 oktyabr, 2026
- 08:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuelanın Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ dollarının rəsmi valyuta kimi tətbiqinin ölkənin iqtisadi problemlərini həll etməyəcəyini bildirib və milli valyuta olan bolivarın möhkəmləndirilməsinə çağırıb.
"Report"un "Venezolana de Television" telekanalına istinadən məlumatına görə, o, bu açıqlamanı Venesuela Ticarət və Sənaye Palataları və Assosiasiyaları Federasiyasının 82-ci illik assambleyasında verib.
"Mən uzun illərdir bu mövqeni tuturam: dollarlaşma Venesuelanın problemlərini həll etməyəcək. Həll yolu milli valyutanın möhkəmləndirilməsindədir, bu valyuta ticarət və maliyyə əməliyyatlarını dəstəkləməli, eləcə də ölkə iqtisadiyyatını maliyyələşdirməlidir", - Rodriqes vurğulayıb.
O, valyuta suverenliyinin qorunmasının Venesuelanın iqtisadi artımı üçün strateji əhəmiyyət kəsb etdiyini deyib.
Rodriqesin sözlərinə görə, hakimiyyət orqanları əsasən istehsal sektorunu dəstəkləmək üçün istifadə olunacaq xarici valyutanın sabit axınını təmin etmək üçün beynəlxalq banklarla danışıqlar aparır.