Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir

Digər ölkələr
  • 16 may, 2025
  • 12:45
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir

Sanksiyalar Rusiyaya Ukrayna münaqişəsinin həlli məsələsində təsir etməyin yeganə vasitəsidir.

“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.

"Mən elə hesab edirəm ki, tamamilə aydındır ki, Ukrayna heç bir şərt qoymadan 30 günlük atəşkəsə razılaşıb. Onlar sülh naminə çox konstruktiv işləyirlər. Hələlik Rusiya tərəfindən heç bir konkret addım görmədik. Buna görə də “Rusiyanı danışıqlar masasına oturmağa və sülhə nail olmağa təşviq etmək üçün nə edə bilərik?” sualına cavab vermək vacibdir. Əlbəttə, sanksiyalar bir yoldur", - M.Frederiksen bildirib.

O əlavə edib ki, öz tərəfindən bank sektorunda və neftlə bağlı sanksiyaların nəzərdən keçirilməsini təklif edərdi: "Əlbəttə ki, kölgə donanması".

M.Frederiksen bir daha vurğulayıb ki, hələlik Rusiya tərəfindən konkret müsbət siqnallar müşahidə olunmur: “Hətta atəşkəs olsa belə və hətta sülh sazişi imzalansa belə, sayıq olmaq lazımdır, çünki mən əmin deyiləm ki, Rusiya həqiqətən sülh istəyir. Buna görə də bəli, biz əlavə sanksiyaları nəzərdən keçiririk", - o bildirib.

44 - Tezliklə