Cozef Aun İsraillə təhlükəsizliyə dair müqavilə bağlamağa hazır olduğunu bəyan edib
- 16 sentyabr, 2026
- 15:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Livan Prezidenti Cozef Aun İsrail qoşunlarının çıxarılmasından sonra onunla təhlükəsizliyə dair müqavilə bağlamağa hazır olduğunu bəyan edib.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə C.Aun AFP-yə müsahibəsində bildirib.
Qeyd edib ki, bu gələcəkdə sülh sazişinə doğru bir addım ola bilər.
"İlk növbədə düşmənçilik vəziyyətinə son qoymaq və ordunun sərhəddə yerləşdirilməsini təmin etmək lazımdır. Bu, sonrakı sülh sazişi üçün başlanğıc ola bilər, lakin biz ona dərhal keçə bilmərik", - o qeyd edib.
Livan Prezidentinin sözlərinə görə, tərəflərin danışıqlardan başqa alternativi yoxdur: "Danışıqlardan başqa seçimimiz yoxdur, çünki alternativ - bizə çox baha başa gələcək müharibədir".
O, həmçinin bildirib ki, ilin sonunda BMT-nin Cənubi Livandakı sülhməramlı qüvvələrinin mandatı başa çatdıqdan sonra ölkədə təhlükəsizlik boşluğunun yaranmasının qarşısını almaq üçün yeni beynəlxalq iştirakın – Avropa və ya digər qüvvələrin – olması tələb olunacaq.
C.Aun ABŞ, Avropa İttifaqı və ərəb ölkələrini Livan ordusuna dəstək göstərməyə çağırıb.