Cozef Aun İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı ABŞ-yə çağırış edib

Digər ölkələr
  • 07 iyul, 2026
  • 02:49
Cozef Aun İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı ABŞ-yə çağırış edib

Livan Prezidenti Cozef Aun ABŞ administrasiyasını İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını sürətləndirmək üçün Təl-Əvivə təzyiq göstərməyə çağırıb.

"Report" xəbər verir ki, müvafiq bəyanatı dövlət başçısının mətbuat xidməti yayıb.

Aunun sözlərinə görə, İsrail qoşunlarının davam edən mövcudluğu Livanın suverenliyini sarsıdır, milli ordunun cənub sərhədində yerləşdirilməsinə mane olur və Vaşinqtonda imzalanmış çərçivə sazişinin icrasını təhlükə altına qoyur.

Livan Prezidenti vurğulayıb ki, İsrail qüvvələrinin çıxarılması sülh və sabitliyə nail olmaq üçün əsas şərtdir. O, həmçinin xəbərdarlıq edib ki, İsrailin hərbi mövcudluğunun qorunub saxlanması ABŞ və Livanın can atdığı məqsədlərin həyata keçirilməsinə kömək etməyəcək.

Xatırladaq ki, tərəflər arasında çərçivə sazişi iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə imzalanıb.

Sənəd İsrail qoşunlarının Livanın cənubundakı bir sıra rayonlardan mərhələli şəkildə çıxarılmasını və onlara nəzarətin Livan ordusuna verilməsini nəzərdə tutur.

Lakin, qeyd edildiyi kimi, İsrail Litani çayının şimal və cənubundakı üç rayondan qüvvələrinin çıxarılmasını hələ başa çatdırmayıb.