Çexiyada sərnişin qatarı yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb
- 27 oktyabr, 2025
- 19:55
Çexiyanın Belçitse və Brjeznitsa şəhərləri arasında sərnişin qatarı yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb.
"Report" Çexiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiya Dəmir Yollarının Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin nümayəndəsi Martin Kavka bildirib.
Mərkəzi Çexiya diyarının təcili yardım xidmətinin nümayəndəsi Monika Novakova deyib ki, altı nəfərə tibbi yardım göstərilib, onlardan biri ağır xəsarətlər aldığından helikopterlə Plzen şəhərindəki xəstəxanaya çatdırılıb.
Polis nümayəndəsi Pavel Truksa vurğulayıb ki, qəzada qatarın və yük maşınının sürücüsü xəsarət alıb, xilasedicilər onları kabinadan çıxarmalı olublar. Qatarda təxminən 20 sərnişin olub və onların hamısı təxliyə edilib.
M.Novakova qeyd edib ki, ağır xəsarət alan bir nəfərdən əlavə, yüngül xəsarət alan üç nəfər Prşibaram şəhərindəki xəstəxanaya çatdırılıb, iki nəfərə isə hadisə yerində tibbi yardım edilib.