Cənubi Koreyada ABŞ aviabazasına daxil olan 8 nəfər saxlanılıb
- 04 avqust, 2026
- 13:19
Cənubi Koreyada Seuldan təxminən 60 kilometr cənubda yerləşən Pxyontxekdəki ABŞ hərbi aviabazasına daxil olan 8 fəal saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Tələbə olan fəallar əsas qapıdan "K-55 Osan" aviabazasının ərazisinə daxil olublar. Onlardan altısı ABŞ əleyhinə şüarlar, o cümlədən "ABŞ-nin 7-ci Hava Ordusunu məhv edək" şüarını səsləndirərək baza ərazisinə girib, digər ikisi isə girişdə saxlanılıb.
Koreyadakı ABŞ Silahlı Qüvvələri (USFK) fəalları hadisə yerində saxlayaraq Cənubi Koreya polisinə təhvil veriblər.
Hadisənin dəqiq səbəbləri dərhal məlum olmasa da, sonradan KPUSU tələbə ittifaqı USFK-nı cənub-qərbdə yerləşən Kvancu şəhərində yarımkeçirici istehsalı klasterinin yaradılması layihəsinə mane olmaqda ittiham edərək hakimiyyəti tələbələri azad etməyə çağırıb.
Fəallar həmçinin Pxyontekdəki ABŞ aviabazasında bu yaxınlarda baş vermiş ağ fosfor sızması ilə əlaqədar narazılıqlarını da bildiriblər.