CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB
- 15 iyul, 2026
- 07:30
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.
"Report" xəbər verir ki, bu barədə CENTCOM-un bəyanatında deyilir.
Məlumata görə, ABŞ Hörmüz boğazı bölgəsində və İran sahillərində onlarla hərbi obyektə zərbələr endirib.
Qeyd olunur ki, əməliyyata qırıcılar, pilotsuz uçuş aparatları (PUA) və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri cəlb edilib. İranın raket və PUA komplekslərinin mövqelərinə, hərbi dəniz qüvvələrinin obyektlərinə və sahil müdafiə sistemlərinə zərbələr endirilib.
Komandanlıqdan bildirilib ki, yeddi saatlıq əməliyyat İranın kommersiya gəmiçiliyinə və mülki heyətlərə təhdid yaratmaq imkanlarının daha da azaldılmasına yönəlib.
Bundan əlavə, CENTCOM bildirib ki, həmin gün Amerika qüvvələri İran limanlarına gedən və ya oradan çıxan gəmilərin dəniz blokadasını bərpa ediblər.
Bəyanatda vurğulanır ki, Amerika qoşunları döyüş hazırlığını qoruyub saxlayır və ali baş komandanın sonrakı əmrlərini yerinə yetirməyə hazırdır.
— U.S. Central Command (@CENTCOM) July 15, 2026
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İran ərazisinə əlavə zərbələr seriyasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
Məlumata görə, Hörmüz boğazında ticarət gəmiçiliyinə hücumlar üçün istifadə edilən İranın hərbi potensialını daha da zəiflətmək məqsədilə zərbələr endirilir:
"Zərbələr Amerika qüvvələrinin İran limanlarının və sahilyanı ərazilərinin dəniz blokadasını bərpa etməyə hazırlaşdığı bir vaxtda endirilir. Blokada Şərq vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə iyulun 15-nə keçən gecə saat 00:00-da - red.) qüvvəyə minir".